Şuranın dəstəyilə internat məzunu olan gənclərin iştirak etdikləri düşərgə başa çatıb

qhtxeber.az  "İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Dini radikallıq və ekstremizmlə mübarizədə internat məzunu olan gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Astarada keçirilən düşərgəyə yekun vurulub.
 
Müxtəlif internat evlərinin məzunu olan 30-a yaxın gəncin iştirakını əhatə edən düşərgədə gənclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədovun təqdimatında dini radikallıq və onun fəsadları, ekstremizm və terrorizmə qarşı mübarizə, ölkədə tolerantlığın təmin olunması və bu sahədə dövlət siyasətində gənclərin rolu, gənclərə vətənpərvərlik hissinin aşınlanması kimi aktual mövzularda seminarların iştirakçısı olublar. Eləcə də, gənclərin müvafiq mövzularla bağlı ideyalarını ifadə etməsi, qarşılıqlı müzakirə və fikir mübadiləsinin aparılması üçün şərait yaradılıb.
 
Düşərgə müddətində gənclərin seminarlardan əlavə asudə vaxtlarını səmərəli keçirməsi üçün müxtəlif idman müsabiqələri, intelletkual oyunlar, əyləncəli axşam proqramları və GSİD GİB-in komandası ilə futbol oyunu təşkil edilib. 
 
Layihənin sonuncu günü iştirakçılar Astara şəhərinə səfər ediblər, şəhərin görməli yerlərinə və yeni salınmış bulvar ilə tanış olublar. Günün ikinci yarısı istirahət üçün çimərliyə aparılan gənclər üçün bilyard oyunu da təşkil edilib.