Şuranın dəstəyilə hazırlanmış Milliqehremanlar.az saytının təqdimat mərasimi keçirilib

qhtxeber.az  Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan “Milli qəhrəmanlar haqqında veb resursun yaradılması” layihəsi yekunlaşmaq üzrədir.
 
Milli QHT Forumunun konfrans zalında Layihə çərçivəsində hazırlanmış www.milliqehremanlar.az saytının təqdimat mərasimi keçirilib.
 
Tədbiri açan layihə rəhbəri Elşən Nağıyev layihənin icrası haqqında danışaraq bildirib ki, layihənin məqsədi Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanlıqlar göstərərək Azərbaycan Respublikasının Milli qəhrəmanı adını almış şəxslərin xalq arasında tanıdılması üçün veb saytın yaradılmasından ibarətdir. Layihənin icrası zamanı Ağdam və Tərtər rayonlarında görüşlər keçirdiklərini və xeyli materiallar əldə edildiyini bildirib. Milli qəhrəmanlar haqqında veb saytın yaradılmasının müharibə vəziyyətində olan bir ölkə üçün əhəmiyyətindən danışıb. 
 
Sonra www.milliqehremanlar.az saytı tədbir iştirakçılarına təqdim edilib. 
 
Tədbir İştirakçılarından Zair İbrahimov layihənin Milli qəhrəmanların tanıdılması üçün vacib olduğunu və gənclərin vətənpərvərlik ruhunda inkişafına töhfə verəcəyini bildirib. 
 
Regional İnsan Hüquqları və Media Mərkəzi İB-in sədri Xalid Kazımov Milli qəhrəmanlar haqqında veb saytın yaradılmasının, müharibə zamanı qəhrəmanlıq göstərmiş vətəndaşlarımızın tanıdılmasının, yeni qəhrəmanlar yetişməsi baxımından mühüm olduğunu bildirib və saytın fəaliyyətinin uzun müddətli olmasını arzulayıb.
 
Ahıl Ziyalılara Qayğı İB-in sədri Nəsrulla Nurullayev Qarabağın azad olunması üçün vətənpərvər gənclərə ehtiyac olduğunu və saytın fəaliyyətə başlamasının gənclərə nümunə olacağını bildirib. 
 
Daha sonra Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İB-in sədri Sevil Allahverdiyeva saytın fəaliyyətinin Milli qəhrəmanlarımızın tanınması baxımından vacib olduğunu deyib və saytın fəaliyyətə başlamasına görə layihə heyətinə təşəkkür edib.