Şuranın dəstəyi ilə yazılır: Dövləti heç bir dinə xüsusi imtiyaz və üstünlük vermir...

Bu gün Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, ölkənin inkişafı üçün fəal çalışırlar. Onlar Azərbaycanın layiqli və dəyərli vətəndaşları kimi ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verirlər. 
 
Azərbaycan dövləti heç bir dinə, o cümlədən, İslam dininə də xüsusi imtiyaz və üstünlük vermir. Yəni, bütün dinlərə ölkəmizdə eyni münasibət mövcuddur. Elə ölkələr var ki, hansısa bir dini özünün dövlət dini elan edir və digər dinlərə ikinci kateqoriya kimi baxırlar. Azərbaycanın mövcud qanunvericiliyində - Konstitusiyada belə yanaşma yoxdur. Bütün dinlərə münasibət eynidir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə ayrıdır ki, din daha sərbəst, azad olsun, din siyasiləşməsin. Zaman-zaman siyasətlər dəyişir, amma din, əxlaq, mənəviyyat dəyişmir, əksinə, getdikcə zənginləşir. Dinin siyasiləşməsi çox təhlükəlidir və bu, çox ciddi mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, birgə mübarizə dinin siyasiləşməməsi və ya zərərli dinin yayılmamasına qarşı yönəldilməlidir.  
 
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu mübarizə intensiv xarakter almağa başladı. Dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində "bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir" prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi. 
 
Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə etməyə uğursuz cəhdlər edirlər. Amma unudurlar ki, səmimi dostluq və qardaşlıq münasibətində olan müxtəlif dini baxışlara mənsub insanlar buna əsla imkan verməzlər.
 
Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı mərhum II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində Ulu öndərimiz Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etdilər. Onu da qeyd edək ki, bu məbədin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürmüşdü. 
 
1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi - Müqəddəs Məryəmin Miladı Baş Kilsəsi bərpa olundu.  Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir. Burada ibadətlər  bazar və dini  bayram günləri yerinə yetirilir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub. 
 
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. 2000-ci ilin sonunda isə Dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov "Şöhrət" ordeni, 2010-cu il dekabrın 11-də isə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
 
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər Qırmızı qəsəbədə (Quba) 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarıldı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökumət nümayəndələri və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirildi. 
 
Ulu öndər  Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmaların rəhbərləri ilə keçirilən görüşdə demişdir: "Respublikada yəhudilərlə bağlı xoşagəlməz hadisələr baş vermir və  biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik".
 
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlərdə həmişə yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi - Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci il tarixdə respublikaya etdiyi tarixi səfərini göstərmək olar. Bakıda olarkən katolik dini rəhbər Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar da, məhz, burada sığınacaq tapmışdılar. 
 
Roma patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə oldu. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərində əsas məqsəd müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə, dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət idi. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman ölkəsinə səfər etmişdir. Onun etirafına görə, respublikamızdakı dövlət-din münasibətləri, habelə, ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir: "Mən buradakı tolerantlığın səviyyəsindən  məmnunam. Azərbaycanda hər kəs istədiyi  dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir". 
 
Azərbaycanda  tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan, 26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən Cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü  müsbət  qiymətləndirmək olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşmışdır. Bu sənəddə qeyd edilmişdir ki, Qafqaz xalqları arasında inamın bərpa olunması üçün "milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiya etmək, onların dini əqidə azadlığını təmin etmək, öz mədəniyyət və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır". 
 
Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində  bir sıra islahatlar həyata keçirilməsini məqsədəuyğun hesab etmiş və bununla əlaqədar olaraq, Prezidentin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) yaranması təsdiq edilmişdir. Həmin Fərmanla müəyyən edilmişdir ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.
 
Din azadlığı sahəsində yeni qanunun hazırlanması ilə yanaşı ("Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu 20 avqust 1992-ci il tarixində qəbul olunmuşdur), qüvvədə olan bir sıra qanunlara müasir tələblərə cavab verən müvafiq dəyişikliklər edilmişdir. 2005-ci il 10 iyun tarixli Qanuna əsasən, yuxarıda qeyd olunan "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilmişdir (Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması): Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkinlik yaşına çatmış şəxs icmanın təsis protokolu və nizamnaməsi (əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Dini mərkəz və ya idarə 15 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (DQDK) göndərir.
 
Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (DQDK) təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir.
 
Müvafiq icra hakimiyyəti orqanı (DQDK) dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə (həmin müddət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 2003-cü il 12 dekabr tarixli Qanunun 8-ci maddəsində müəyyən edilmişdir) həyata keçirir.
 
Dini qurumların dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatından imtina edilməsi, mübahisəli məsələlərin həlli və məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
 
Həmçinin, "Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinin adında və mətnində "dini düşmənçiliyin" sözləri "dini nifrət və düşmənçiliyin" sözləri ilə əvəz edilmişdir.
 
Bundan əlavə, Respublika Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 795 saylı Fərmanı ilə təsdiq edilmiş Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 7.5-ci bəndinə görə, Şura həmçinin, dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir.
 
Qeyd olunmalıdır ki, 2002-2005-ci illər üzrə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən milli, etnik, mədəni, dini nifrət və düşmənçiliyə və s. əsaslara görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 109 (Təqib), 120.2.12 (Qəsdən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 154 (Bərabərlik hüququnu pozma), 167 (Dini ayinləri icra etməyə mane olma), 168 (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə əsasən, heç bir şəxs məhkum olunmamışdır.
 
Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən, pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel - xristian protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit, yəhudi dini və mədəniyyəti üzrə təlim kursları və s. fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən və mərkəzləri, əsasən, ABŞ-da, İsveçdə və Almaniyada yerləşən dini icmalar Azərbaycan Respublikası tərəfindən dəstəklənir, bununla yanaşı, xarici ölkələrdəki dini mərkəzlərlə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edirlər.
 
Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Beynəlxalq İslam Konfransı Təşkilatı (İKT) və digər xarici müsəlman və qeyri-müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları "Soxnut", "Aqudit İsrail" və "Tşuva İsrail" kimi beynəlxalq təşkilatlarla, eyni zamanda, ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayırlar.
 
Elvin Xəzər
Bu yazı “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai  Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizə istiqamətində maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb