Peşə təhsili müəssisələrinin tələbələri üçün yay təcrübə proqramı keçirilir

qhtxeber.az  Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 peşə təhsili müəssisəsinin tələbələri üçün yay təcrübə proqramı keçirilir. 
 
Avqustun 30-dək davam edəcək pilot layihə çərçivəsində əsas hədəf qrupu I kurs tələbələridir.
 
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin "Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisası tələbələri “Gilan Dairy Farms” MMC-də, “Gilan Qəbələ Aqrotexservis” MMC-də, “Şamlı” aqroservis müəssisəsində, “Gilan Vegetables” MMC-də, “Daşca” kiçik fermer təsərrüfatında təcrübə keçirlər.
 
İsmayıllı Peşə Tədris Mərkəzinin "Aqroservis mütəxəssisi” və “Üzüm və şərab ustası” ixtisası tələbələri isə İsmayıllı rayonu Nikitin adına İvanovka kolxozunda və İsmayıllı rayonu Kənd Təsərrüfatı İdarəsinin Talıstan  kəndindəki sahələrində, həmçinin İsmayıllı “Şərab-2” müəssisəsinin üzüm sahələrində, Qax Peşə Liseyinin “Aqroservis mütəxəssisi” və ”Bitkiçilik mütəxəssisi” ixtisasının tələbələri “ULU Aqro” MMC (ULU Aqropark) müəssisəsində təcrübə qazanırlar.
 
Yay təcrübəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin duala-bənzər peşə təhsili və təlimi (PTT) sisteminə uyğun olaraq nəzəri biliklərin praktik bacarıqlarla zənginləşdirilməsinə şərait yaratmaqdan ibarətdir. Təcrübəyə qatılan tələbələr mühəndis-pedaqoji heyətin, eləcə də müəssisə tərəfindən təyin olunmuş mütəxəssislərin müşayiəti ilə iş prosesində yaxından iştirak edir,  istifadə olunan maşın və avadanlıqların iş prinsiplərini, texnoloji prosesləri öyrənir, həmçinin peşəkar mütəxəssislərlə birlikdə çalışaraq onların təcrübələrindən faydalanmaq imkanı əldə edirlər.
 
Yay təcrübəsi “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanmış “Duala bənzər PTT konsepti”ndə əks olunan təcrübə proqramına əsasən həyata keçirilir.
 
ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunmaqdadır. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala-bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyi, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.