Nəsimi ilinə həsr olunan “Təhsil avtobusu” Astarada

qhtxeber.az  "Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin Astara şəhərində növbəti tədbiri keçirilib.
 
Açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”, Astara Rayon İcra Hakimiyyəti və rayon təhsil şöbəsinin nümayəndələri iştirak edib.
 
Bildirilib ki, "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığını tanıtmaqdır.
 
Yay məktəbində Astara məktəblərinin 6-9-cu sinif şagirdləri iştirak edib. Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual  yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
 
"Təhsil avtobusu – Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək. İyulun 29-dək davam edəcək yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və  intellektual yarışlarda iştirak edəcək.
 
“Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir.
 
Layihənin informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1news.az, AZƏRTAC, “Edumap” Təhsil portalı, “Fam Tram”-dır.
 
Qeyd edək ki, "Təhsil Avtobusu – Nəsimi" yay məktəbinin növbəti ünvanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olacaq.