Şuranın dəstəyilə Bakıda konfrans: “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat”

qhtxeber.az  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Bakı şəhərində “İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat” mövzusunda konfrans keçirib.  
 
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirə QHT təmsilçiləri, həmçinin internet və sosial şəbəkə fəalları olmaqla 55 nəfər qatılıb.
 
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən ““İnternet və xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat”  mövzusunda konfrans və seminarların təşkili” layihəsi çərçivəsində baş tutub.
 
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, xəbər istehsalçılarının “Şəxsi həyat” barədə xəbər hazırlamağın şərtlərinə yanaşmaları problemlidir: ““Xüsusi kateqoriyalı fərdi məlumatlar”ın, onun mühüm qollarından  olan “Şəxsi həyat”ın qorunması modern dünyada insan hüquqlarının ən önəmli prinsiplərindən biri, həmçinin, onlayn medianın trend problemlərindən biri  kimi qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi “Şəxsi həyatın qorunması”nı ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi də “şəxsi həyat”a aid informasiyaların qorunmasına, ona hörmətlə yanaşılmasına təminat verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 155 və 156-cı maddələri başqalarının “şəxsi həyat” prinsipini pozmağa görə cinayət məsuliyyətini nəzərdə tutur. Mövzunun həssaslığını nəzərə alaraq, Milli Məclis “Fərdi məlumatların qorunması” adlı əlahiddə qanun da qəbul edib. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları» nın 3-cü Prinsipi də “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” mövzusuna  həsr edilib. Amma internetin sürətli inkişaf etməsi ilə bu sahədə problemlər də ortaya çıxıb, “Şəxsi həyat”ın qorunması mövzusu aktuallaşıb. Sosial şəbəkələr, “Şəxsi həyatın qorunması” və digər bu kimi prinsiplərin intensiv şəkildə pozulmasına yol açmaqla mənfi təzahürləri də ortaya çıxarıb. Keçirdiyimiz konfransda məqsəd bu problemin aradan qaldırılması yolları barədə müzakirə açmaqdır”.
 
Tədbirdə  çıxış edən media eksperti Nəzirə Nurullayeva şəxsi həyat barədə informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlər barədə konfrans iştirakçılarını məlumatlandırıb. 
 
Əməkdar jurnalist Azər Həsrət, DJL sədri, MŞ İH üzvü Yadigar Məmədli, Aktor.az saytının baş redaktoru Telman İsa və digərləri çıxış edərək mövzu üzrə fikirlərini çatdırıblar.
 
Layihə çərçivəsində “Xüsusi kateqoriyalı fərdi məlumatlar-şəxsi həyat və KİV” adlı vəsait çap edilib və seminar iştirakçılarına paylanıb.