Şuranın dəstəyilə “Sahibkarlıq subyektləri arasında nağdsız hesablaşmaların təşviqi” yekunlaşıb

qhtxeber.az  “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Sahibkarlıq subyektləri arasında nağdsız hesablaşmaların təşviqi” layihəsinin icrasını yekun vurub.
 
Layihə çərçivəsində Bakı şəhərində “Nağdsız ödənişlərin tətbiqinin əhəmiyyəti” və “Əmək haqlarının rəsmiləşdirilməsi və qeyri-formal məşqulluğun azaldılması” mövzularında 2 sessiyalı tədbir keçirilib. 
 
Tədbirdə biznes subyektləri, QHT-lər, KİV-lər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbir zamanı nağdsız hesablaşmalar haqqında qanunun və digər normativlərdən ibarət təbliğat materialları çoxaldılmaqla sahibkarlara paylanıb. Nağdsız hesablaşmalar haqqında qanunun tələbləri üzrə “Əmək haqlarının rəsmiləşdirilməsi və qeyri-formal məşqulluğun azaldılması” mövzusunda sahibkarlarla müzakirələr edilib. İşəgötürənlərin və işçilərin həvəsləndirilməsi, pensiya və digər sosial təminat hüquqlarının reallaşdırılması üçün əmək müqaviləsinin bağlanmasının əhəmiyyətinin ictimaiyyətə çatdırılması istiqamətində təbliğat işləri aparılıb.
 
Layihə çərçivəsində Şuranın maliyyə dəstəyi ilə nəşr edilən “Nağdsız hesablaşma üzrə bələdçi” adlı kitabça nəşr edilib və kitabçanın təqdimatı keçirilib. Kitabçada nağdsız hesablaşmalar üzrə qanunvericilik haqqında məlumat, nağdsız hesablaşmaların formaları və tətbiqi üzrə geniş illüstrasiyalı məlumatlar əks etdirilib və sahibkarın stolüstü kitabçası kimi istifadəsi tövsiyə edilib.
 
Nəzərdə tutulan hədəf üzrə mövcud qanunvericilik bazası beynəlxalq təcrübə nəzərə alınmaqla araşdırma aparılıb, bu sahədə müxtəlif ölkələrin təcrübələri öyrənilərək təkliflər paketi hazırlanıb. Həmçinin sahibkarlara hüquqi məsləhətlər verilib və metodiki materiallar paylanıb.
 
Sahibkarlar arasında nağdsız ödənişlərin tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə internet üzərindən sorğu keçirilib. Sorğuda 100-dən çox sahibkar iştirak etmiş və sorğunun nəticələri üzrə məlum olmuşdur ki, qanunverici mühitdəki dəyişikliklər nağdsız hesablaşmaların sürətlə inkişafına təkan vermiş və bu sahədə aparılmış islahatların müsbət effektlərinin davamlı olacağı gözlənilir.
 
Qeyd edək ki, bununla da 3 ay müddətində icra olunan layihə üzrə bütün hədəflər yekunlaşdırılıb.