Şuranın dəstəyilə “Ödənişsiz hüquqi yardım” günü təşkil edilib

qhtxeber.az  “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icrasını davam etdirir.
 
Layihə çərçivəsində Tovuz rayonunda “Ödənişsiz hüquqi yardım” günü təşkil edilib.   
 
Tovuz Gənclər evinin akt zalında keçirilən tədbirdə ilk olaraq “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilib.  
 
“Ödənişsiz hüquqi yardım” günündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev, layihənin hüquqşünası Aqşin Atalızadə və sosial işçi Ülvi Əliyev tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılıb və müvafiq orqanlara yönəldilib. Əhalinin müraciətləri əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və s. ilə bağlı olub. 23 nəfərə bilavasitə hüquqi yardım xidməti göstərilib. Müraciətlərə müvafiq olaraq iddia ərizələri yazılıb, hüquqi məsləhətlər verilib və zəruri hallarda inzibati orqanlara müraciətlər göndərilib. 
 
SHAİB sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə  (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının  müdafiəsi ilə bağlı Bakı şəhəri A.M. Şərifzadə küçəsi 122/121 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).