Şurann dəstəyilə xanımlara diplomlar təqdim olunub

qhtxeber.az  “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi “Gənc xanımlarla qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyalarının hazırlanması” layihəsini yekunlaşdırıb. 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən layihə Azərbaycanın Şəki və Oğuz rayonlarında reallaşıb. 
 
Layihə çərçivəsində hər iki rayonda tikmə sənətinə maraq göstərən xanımlara 3 günlük ustad dərsləri verilib. İştirakçılara “iş boxçası” paylanılıb, tikmə nümunələri nümayiş etdirilib, bu qədim sənət haqqında ətraflı məlumat verilib. Peşəkarlar tərəfindən xanımlara “Güləbətin”, “Qurama”, “Saya naxışlı”, “Təkəlduz”, "Quş gözü" texnikasında bədii tikmə növləri öyrədilib. Layihə işindən müxtəlif yaş həddində olan qızlar, qadınlar faydalanıblar. 3 gün ərzində sənətsevər xanımların böyük zövqlə hazırladıqları əl işləri dəvət olunmuş qonaqlara nümayiş etdirilib.  
 
Şəki və Oğuz rayonlarında keçirilən tədbirlər rayon Mərkəzi kitabxanalarında baş tutub. Şəki rayonunun kitabxana direktoru Seid Vahabov, Oğuz rayonunda isə kitabxana direktoru Səhər Mikayılova tədbirlərdə iştirak ediblər. Qonaqlar, eləcə də tədbir iştirakçıları layihənin işini yüksək dəyərləndirərək, belə fəaliyyətlərin zəruriliyini və faydalılığını vurğulayıblar, layihənin təşkilatçılarına, əməyi keçənlərə dərin təşəkkürlərini bildiriblər. 
 
Sonda xanımlara diplomlar təqdim olunub.