Valideyn himayəsindən məhrum olan uşaqlar üçün dekorativ-tətbiqi sənət kursu təşkil olunub

qhtxeber.az  "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Gəncə şəhərində "Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsini həyata keçirir.
 
Təşkilatın sədri Lamiyə İsazadə qhtxeber.az-a bildirib ki, cəmiyyətin həssas üzvləri, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir. “Onlar 18 yaşa qədər dövlətin himayəsində olurlar, onların 18 yaşdan sonrakı həyatları bizləri çox narahat edir. Uşaq evində yaşayan uşaqların çox az hissəsi ali məktəblərə qəbul olub ali təhsil alır, öz həyatlarını siğortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik”. 
 
L. İsazadə qeyd edib ki, hazırda icra edilən layihə çərçivəsində Gəncə şəhərində, valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlara Gəncə Gənclər Evində 3 aylıq dekorativ-tətbiqi sənət kursu təşkil olunub.  Bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə (naxışların salınması) və digər sənət növlərini əhatə edən 3 aylıq kursun yekununda Gəncə və Bakı şəhərlərində uşaqların əl işlərindən ibarət sərgi keçiriləcək. 
 
Bildirilib ki, uşaqlar kursa çox böyük həvəslə gəlirlər, sənət öyrənməyə çalışırlar. Onlara çox istedadlı, bacarıqlı, Gəncə Gənclər Evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmova dərs keçir.