Şuranın dəstəyilə növbəti maarifləndirici seminar Xaçmazda təşkil olunub

qhtxeber.az  “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrasını davam etdirir. 
 
Layihə çərçivəsində növbəti maarifləndirici seminar Xaçmaz rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunub. 
 
Seminarda layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihədə məqsəd mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.
 
Xaçmaz rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas özünüməşğulluq proqramına cəlb olunmaları üçün hüquqi məlumatlar veriblər. Bundan başqa, tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanıb.  
 
Seminarda iştirak etmiş "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Xaçmaz rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndiriblər, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlıq ediblər. Onlar kənd təsərrüfatı, arıçılıq, elektrik texniki peşələri ilə məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret layihələrinin olduğunu bildiriblər.