Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi həyata keçiriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə sosial layihələr müsabiqəsinə başlayır. Sosial layihələr müsabiqəsi qeyri-kommersiya sahəsində fəaliyyət göstərən təşkilat və birlikləri, vətəndaş qruplarını əhatə edəcək.
 
“Regional İnkişaf” İctimai Birliyindən trend-ə verilən məlumata görə, müsabiqədə elm və təhsilin inkişafına, innovativ ideyaların dəstəklənməsinə, ətraf mühitin mühafizəsinə, müxtəlif sosial yönümlü məsələlərin həllinə və digər istiqamətlərə yönəlmiş layihələr iştirak edə bilər.
 
Müsabiqədə iştirak şərtləri “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet saytında (www.riib.az) elan edildikdən sonra elektron qaydada ərizə və layihə sənədlərinin qəbuluna başlanılacaq.
 
Müsabiqənin nəticələrinə görə qalib seçilən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcəkdir.
Bununla əlaqədar olaraq, özəl sektorun nümayəndələri də korporativ sosial məsuliyyət layihələrinə töhfə verərək RİİB-in elan etdiyi müsabiqəyə dəstək göstərə bilər.