Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə!

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında və beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.
 
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan - Azərbaycan Respublikasının Konstitusiyası, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Mülki, Mülki-Prosessual, Əmək məcəllələri, “Normativ hüquqi aktlar haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarından istifadə ediləcəyi namizədlərin diqqətinə çatdırılır.
 
Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.