Uğurlu layihənin təməl prinsipləri

Elməddin Hacılı


Tədqiqat və müşahidələrə görə, müasir dövrdə layihə təklifinin hazırlanmasına və eyni zamanda onun idarə olunmasına tələbat gündən-günə güclənir. Hal-hazırda fəaliyyət göstərən təşkilatların əksəriyyəti layihə əsaslı təşkilatlardır. Bu baxımdan müasir menecerlərin layihələrin idarəedilməsi prosesinin öyrənmələri ilə yanaşı, layihə təklifinin hazırlanması, ideyanın, problemin layihə halına salınması məsələlərini öyrənib tətbiq etməsi öz aktuallığını qoruyub saxlamaqdadır. Layihələrin peşəkarlıqla hazırlanması və idarə edilməsi, eyni zamanda uğurla başa çatması layihə menecerlərinin nəzəri və praktiki bilik, təcrübəsindən olmasından çox asılıdır. Bəzən layihə təkilfinin hazırlanması zamanı problemlərin düzgün təyin edilib əsaslandırılmaması layihənin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır. Bu baxımdan layihə təklifi və problemlərinin düzgün müəyyənləşdirilməsi  indiki dövrdə zəruri olmaqla yanaşı, mühüm elmi-praktiki əhəmiyyət kəsb edir. Ölkəmizdə də layihə menecmenti, layihələrin dayanıqlı inkişafı məsələlərinin öyrənilməsində problemin təsviri hissəsinin öyrənilməsinə böyük ehtiyac var. Bu gün Azərbaycanda  davamlı inkişaf hədəfinə nail olmaq üçün layihələrin hazırlanması və idarəedilməsi xarakterinə uyğun olaraq mövcud problemlərin  elmi cəhətdən araşdırılması və təhlil olunması, onların layihə halına salınması vacib məsələlərdən biridir.
 
Qeyd edək ki, istənilən yeniliyin, dəyişikliyin icra olunması üçün onun layihə təklifi forması hazırlanır və layihə menecmentində layihə təklifinin hazırlanması prosesi mühüm yer tutur. Layihə- problemin həlli üçün müəyyən zaman, məkan və resurslar çərçivəsində fəaliyyətlərdən və onların icrasına nəzarət mexanizmlərindən  ibarətdir. Project –projacere (yunan dili)- projectum(latın dili) - pro -əvvəlcədən,erkən olaraq, jacere – jectum- irəliyə təkan. Mənasından göründüyü kimi, layihə qarşıya qoyulmuş (irəli atılmış) məqsədə çatmaq üçün planlaşdırılmış fəaliyyətlərin icrası prosesidir. Layihə təklifi isə mövcud problemin həllinə və ya mövcud  ideyanın reallaşdırılmasına yönəlmiş məqsədlər,vəzifələr, fəaliyyətlər və nəticələrdən ibarət konsepsiyadı.Layihə təklifində problemin dərindən araşdırıldığı və onun həlli yollarını çox aydın şəkildə öz əksini tapmaldır. Eyni zamanda layihə təklifində layihənin əsaslandırılması, məqsədlər və vəzifələr, fəaliyyətlərin qrafiki, layihənin dayanıqlığı, monitorinq və qiymətləndirmə kimi məsələlərin  ətraflı izahatı göstərilməlidir.
 
Layihə təklifinin strukturunda mühüm yer tutuan və onu xarakterizə edən əsas xüsusiyyətlərdən birincisi problemin düzgün təyin olunması və müvafiq olaraq onun məqsədlər sisteminin müəyyən edilməsidir. Əksər hallardan layihə təklifi hazırlayan şəxslər həll etməyə çalışdıqları problemi hələ tam dərk etməmiş həlli yollarını tapmağa çalışır. Nəticədə hədəfdən yayınır və maraqlı tərəflərin gözləntilərini doğrultmurlar. Ona görə də layihə təklifinin hazırlanması prosesində problemin düzgün təyin edilməsi mühüm amil sayılır.
 
Problemin müəyyən edilməsi hissəsində layihə çərçivəsində həll olunacaq problemlərin sübutlar, statistik rəqəmlər, faktlar və s. kriteriyalar üzrə öz təsdiqini tapmalıdır. Bəzən burada təsvir olunan problem onu hazırlayanlara aydın  olsa da, digər maraqlı tərəflərə  bir çox şeylər qaranlıq qala bilər. Ona görə də problemin təsviri bölməsinə digər maraqlı tərəflərin  maarifləndirmə və inandırma fürsəti kimi baxmaq lazımdır. Problemin təyin edilməsi layihə təkilfini hazırlayanların  missiyasına və təcrübənsinə əsaslanaraq, faydalananlar qrupunun bu və ya digər problemini təsvir etməlidir. Bəzən elə olur ki,  təşkilatlar öz missiyalarına uyğun olmayan problemlərin təsvirini verir və onun həllinə iddia edirlər. Bu halda artıq layihənin uğur qazanması şübhə altına düşmüş olur.Layihə çərçivəsində həll ediləcək problem layihə təklifi hazırlayanların missiyasına tam uyğun olmalı və onu tamamlamalıdır. Bu hissə həm də layihə təkilfinin əsaslandırılmasıdır. Bu zaman aşağıda qeyd olunan məqamlara diqqət etmək tövsiyə olunur: 
a) problem 
layihənin  həll  edəcəyi problemi izah etmək;   
layihənin “məna”sı;  
nə üçün   təqdim olunan problem hədəf  qrup üçün də problemdir və onlar tərəfindən də qəbul edilir;   
problem hədəf  qrupa  necə təsir  edir? 
b) əsas   ehtiyaclar
problemlə  birbaşa əlaqədar olan çətinliklər/ehtiyaclar (problemin təsiri və nəticəsi); 
ehtiyaclar  kim tərəfində prioritetləşdirilib/kim müəyyənləşdirib; 
hansı meyarlar/göstərişlər/tələblər  əsasında müəyyənləşdirilib; 
c) problemin həlli yolları 
strategiya və  yanaşma; 
hədəf qrupa   necə təsir göstərəcək;  
əgər hədəf qrupun fikirləri layihə təkilfi ilə eyni deyilsə, ciddi fərqlər varsa və yaxud tamamilə fərqlənirsə, layihənin yanaşma və strategiyası onlara necə təqdim olunacaq? 
d) İcraçı təşkilat 
problemlə bağlı təşkilatın və tərəfdaşların bacarığı və təcrübəsi (oxşar və yaxud eyni problemlə bağlı əvvəlki layihələr); 
hədəf məkan və insanlarla əlaqələr, münasibət, davranış, və s. təşkilatda və tərəfdaşlarda problemə uyğun mütəxəssislər və digər  imkanlar. 
 
Problemin təyin olunmasında sonra onun təhlil olunması da mühüm əhəmiyyət kəsb edir. Bu da layihə təklifi hazırlayanlardan xüsusi bilik,bacarıq və vərdiş tələb edir. Problemin  təhlili zamanı mövcud vəziyyətin mənfi xüsusiyyətləri (strukturları, formaları) arasında (səbəb-nəticə) əlaqələri yaranır. Təhlilin məqsədi maneələr prioritetinin nə dərəcədə yüksək olduğunu müəyyən etməkdir. Ekspertlər, qeyri-formal qruplar, habelə müəssisələr və maraq göstərən təşkilatlar bu təhlil üçün şərait yaradır. Elmi mənbələrdə təhlil diaqram və ya “problem ağacı” şəklində təqdim edilir. Burada üzə çıxarılmış bütün problemlər arasında münasibətlər və iyerarxiya əks etdirilir. Qarşıda duran hər bir problem ona səbəb olan digər əvvəlki problemdən (problemlərdən) əvvəl gəlir, onlar isə bu problem vasitəsilə davam etdirilir.
 
Problemin təhlili  zamanı aşağədakı məqamlara diqqət yetirmək tövsiyə olunur:
“Mənfi kökləri”tapmaq; 
Hansı problem həll edilə bilər? 
Problemin xüsusiyyətləri? 
Bir problemə fokuslanmaq! 
Fokuslanmış problemə səbəb və təsirləri araşdırmaq.
Problemin səbəbləri davamlı  şəkildə problem həll etmək üçün layihə çərçivəsində fəaliyyətlər zamanıilə "həll" edilsin. 
Problemin təhlili zamanı ən əsas məsələ layihənin planlaşdırılmasıdır. Bu, mümkün olan müdaxilənin planına təsir göstərir. Problemin təhlil qaydasına (metoduna) aşağıdakılar daxildir:
Təhlilin struktur və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi;
Problemin təhlili;
Problemlər arasında səbəb-nəticə əlaqəsinin yaradılması;
Səbəb-nəticə əlaqələrinin diaqram vasitəsilə təsvir edilməsi.
Problemin təsvir hissəsinin müəyyənləşdirilməsinə dair bir neçə ümumi  tövsiyyələr:
Təklifdə təşkilatın problemləri yox, faydalananların problemləri vurğulanmalıdır. 
Problemin əhatə dairəsini dəqiq müəyyən edilməldir. Problem çoxşaxəli ola bilər. Amma onun həlli yolları mövcud resurslar çərçivəsində müəyyən edilməlidir. 
Problemin mövcudluğu səbəbləri gümanlara yox, faktlara əsaslanmalıdır. 
Ehtiyaclarla bağlı verilən hər bir məqam əsaslı faktlarla (statistik məlumatlar, ekspert rəyləri və s.) sübut olunmalıdır. 
Təsvir edilən  problemlə bağlı nümunələrin göstərilməsi.  
 
Layihə təkilfinin hazırlanmasında problemin dəqiq təyin olunması təhlil edərkən aydın olur ki,  hər bir layihənin uğuru, gözlətinlərin özünü doğrultması problemin səbəb-nəticə əlaqələrinin düzgün müəyyənləşdirilməsindən asılıdır. Araşdırmalar zamanı məlum olur ki, müasir dövrümüzdə layihə təklifinin hazırlanmasında problemin düzgün təyin olunması və araşdırılması layihə menecmentində qarşıda duran əsas vəzifələrdən biridir.