Gəncədə “Unudulmaz” filminin təqdimatı olacaq

qhtxeber.az  Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Unudulmaz” filminin Gəncə şəhərində ilk dəfə nümayişi keçiriləcək. 
 
“Lider” televiziyası tərəfindən hazırlanan “Unudulmaz” sənədli filminin müəllifi jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. Ekran əsərində Heydər Əliyev ömrünün Klivlend səhifəsi əks etdirilib. Həmçinin onun həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb. Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrin əks olunduğu ekran əsərində eyni zamanda, nadir arxiv kadrlarından da istifadə edilib. "Unudulmaz" sənədli filminin Bakıyla yanaşı Xarici İşlər Nazirliyinin dəstəyi ilə Daşkənddə, Vaşinqtonda, Ankarada təqdimat mərasimləri də təşkil edilib. Bakı şəhərində o cümlədən müxtəlif şəhər və regionlarda da film nümayiş olunub. 
 
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə Gəncə şəhərində ilk dəfə baş tutacaq təqdimat Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi ilə keçiriləcək. Şəhər ictimaiyyəti, gənclər və KİV nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə baş tutacaq təqdimatın əsas məqsədi ümummilli liderin zəngin və çoxşaxəli fəaliyyəti fonunda onun vətən sevgisi və ömrünün Klivlend səhifəsi haqqında gənclərin məlumatlandırılmasına xidmət etməkdir. Tədbir 29 may 2019-cu il tarixində, saat 11:00-da Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının akt zalında baş tutacaq.