Xocalı, Neftçala və Bakı məktəbliləri ilə “Sağlam məktəbli” çərçivəsində görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri çərçivəsində növbəti görüşləri Xocalı rayonu Kosalar kənd tam orta məktəbi, Neftçala şəhər 1 nömrəli tam orta məktəb və Bakı şəhəri Nizami rayonu 251 nömrəli orta məktəbin şagirdləri ilə keçirilib.
 
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.
 
Daha sonra agentliyin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, süd və süd məhsullarının faydası, fastfudun, energetik içkilərin zərərli xüsusiyyətləri barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.
 
Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və həmin müsabiqəyə qatılmaları tövsiyə olunub.